Almaniya futbolunun tanınmış simalarından olan Miroslav Kloze “Bavariya”da yeni vəzifəyə təyin olunub.

Buna qədər Münhen komandasında 17 yaşadək futbolçulara rəhbərlik edən mütəxəssis  əsas heyətin  baş məşqçisi Hans Diter Flikin köməkçisi olacaq. Onunla hələlik 1 illik razılıq əldə edilib. Kloze işinə iyulun 1-də başlayacaq. 41 yaşlı mütəxəssis Hans Diter Fliklə yaxşı münasibətlərinin olduğunu deyib. SİTAT: “Mənim üçün əla çağırışdır. Fliklə Almaniya millisində birlikdə olmuşuq. Xoş xatirələrimiz var. Biz həm peşəkar, həm də şəxsi səviyyədə bir-birimizi əla tanıyırıq. İnanıram ki, hər şey qaydasında olacaq”.SİTATIN SONU

2014-cü ildə dünya çempionu olandan sonra Almaniya seçməsində  karyerasını başa vuran futbolçu  komandanın tarixində silinməz izlər qoyub. Miroslav Kloze 137 oyuna 71 qolla bündestimin  tarixində ən sərrast oyunçudur. Onun  mundiallarda vurduğu 16 qol millinin bütün üzvləri arasında rekord göstəricidir. Kloze 2007- 2011-ci illərdə “Bavariya”da çıxış edib. Karyerasını isə 2016-cı ildə 38 yaşında  “Latsio”da yekunlaşdırıb.